İqtisadiyyatın artım qabiliyyəti bir sıra amillərdən asılıdır ki, bunlar istehsalın real həcminin uzunmüddətli artmasının sürət və miqyasını, bu artımın səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi imkanlarını müəyyən edən hadisə və proseslərdir.
İqtisadi artıma təsir üsullarına görə birbaşa və dolayı amilləri fərqləndirirlər. Birbaşa amillər dedikdə, bu artımı fiziki surətdə mümkün edən amillər başa düşülür. Bu qrupa aşağıdakı təklif amilləri daxildir:
• əmək resurslarının miqdarı və keyfiyyəti;
• təbii resursların miqdarı və keyfiyyəti;
• əsas kapitalın həcmi;
• istehsalın texnologiyası və təşkili;
• cəmiyyətdə sahibkarlıq qabiliyyətlərinin inkişaf səviyyəsi. Birbaşa amillər – cəmiyyətdə mövcud olan iqtisadi artım imkanlarını həyata keçirməyi mümkün edən şərtlərdir. Bu şərtlər tələb və bölgü amilləri tərəfindən yaradılır:
• bazarın inhisarlaşdırılması dərəcəsinin aşağı salınması;
• iqtisadiyyatda vergi iqlimi;
• bank-kredit sisteminin səmərəliliyi;
• istehlak, investisiya və dövlət xərclərinin artması;
• ixrac tədarüklərinin genişləndirilməsi;
• iqtisadiyyatda istehsal resurslarının yenidən bölüşdürülməsi imkanları;
• gəlirlərin mövcud bölgü sistemi ilə.
Bu amillərin iqtisadiyyata təsir dərəcəsi iqtisadi artımın tipini şərtləndirir ki, bu zaman iqtisadi artıma kəmiyyət və keyfiyyət dəyişənlərinin təsir dərəcəsi başa düşülür. İqtisad elmi K.Marks tərəfindən ilk dəfə işlədilmiş iki tip iqtisadi artımı ayırır. Bunlar istehsalın nəticələrinin amillərə nisbəti ilə seçilir.
Birinci tip iqtisadi resursların (istehsal amilləri) kəmiyyət artımı ilə xarakterizə olunur: yeni müəssisələrin, elektrik stansiyalarının, yolların tikilməsi, təsərrüfat dövriyyəsinə yeni torpaqların, əmək və təbii resursların cəlb edilməsi və s. Bu tip ekstensiv iqtisadi artım adını almışdır. Bu tipdə ÜDM-in artımına cəmiyyətdə orta məhsuldarlığın dəyişməməsi şərtilə canlı və ictimai əməyin tətbiqi sahələrinin genişləndirilməsi yolu ilə nail olunur.
İkinci tip intensiv iqtisadi artım adlanır. ÜDM-in artımı məşğul iqtisadi resursları qabaqlayan zaman intensiv iqtisadi artım baş verir.
Aydındır ki, intensiv iqtisadi artım cəmiyyətin rifahının əsasıdır.
Lakin ekstensiv artım iqtisadi artımın daha sadə tipidir. Onun başlıca məziyyəti ondan ibarətdir ki, təsərrüfat inkişafının templərinin yüksəldilməsinin daha asan yolunu təmin edir, ölkə üçün nisbətən tez və ucuz iqtisadi potensial yetişdirməyə imkan verir. ekstensiv artım tarixən intensiv artımdan əvvəl olmuşdur – hər bir ölkə vaxtı ilə ekstensiv iqtisadi artmı yolu keçmiş və ya indi keçmək üzrədir. Qərb ölkələri, məsələn, öz təsərrüfat inkişaflarının intensiv yolla hələ XX əsrin birinci yarısında keçmişlər. Hollandliya iqtisadçısı Y.Tintergenin məlumatlarına görə, 1870-1914-cü illərdə ekstensiv və intensiv artım amilləri arasında nisbət aşağıdakı kimi olmuşdur:
Sonralar Amerika iqtisadçısı R.Solou müəyyən etmişdir ki, 1909-cu ildən 1949-cu ilə qədər ABŞ-da ÜDM-in 80%-dən artıq artımı texniki tərəqqi ilə, yəni əmək və kapital məsrəfləri ilə deyil intensiv amillərlə izah edilir.
İqtisadi artıma müxtəlif amillərin payının ölçülməsi üzrə tədqiqat aparanlardan biriAmerika iqtisadçısı E.Denison sayılır. İqtisadi artımı izah edən amilləri o, iki kateqoriyaya ayırmışdır. Birinci kateqoriyaya istehsalın fiziki amilləri (əmək və kapital), ikinciyə əmək məhsuldarlığının artım amilləri daxildir.
İnsan amilinin təsirinin ölçülməsi üçün müəllif nəinki işçi qüvvəsinin miqdarını, həmçinin əmək veriminin cinsdən və yaşdan, təhsil səviyyəsindən və peşəkar hazırlıqdan asılı olduğunu nəzərə almışdır. Kapital amilini ölçmək üçün o, həmçinin bir sıra keyfiyyət dəyişiklikləri irəli sürmüşdür: yaşayış yeri, avadanlıq, sənaye tikililəri, mal ehtiyatları, carici investisiyalar. Yalnız bunları nəzərə aldıqdan sonra bu elementlərin hər birinin iqtisadi artıma verdiyi payı müəyyən etmişdir. Əmək məhsuldarlığının iqtisadi artıma təsirinə gəldikdə isə, bu, E.Denisonun fikrincə, aşağıdakı proseslərin təsiri nəticəsində baş verir:
1. Texnoloji biliklərin genişləndirilməsi və istehsalın təşkilinin yaxşılaşdırılması.
2. Tətbiqi biliklərin yüksək inkişaf etmiş ölkələrin geri qalan ölkələrə ötürməsi zamanı «buraxılanların yerinin doldurulması». Bu onlara optimum nöqtəsinə yaxınlaşmağa imkan verir.
3. Fiziki istehsal amillərinin yerləşdirilməsinin və istifadəsinin onların daha çox verimi əldə edilən sahə və regionlarda yaxşılaşdırılması. Amillərin real yerləşdirilməsi optimuma yaxınlaşdıqda, məhsuldarlıq artır. Denisonun fikrincə, bu optimallaşdırmanın aşağıdakı imkanları vardır:
a) kənd təsərrüfatının intensivləşdirilməsi nəticəsində yaranan artıq işşi qüvvəsinin udulması. Bu, yığılan kapitaldan daha yaxşı istifadə etməyə imkan verir;
b) xırda azad istehsalçılar sektorunun (kənd təsərrüfatından kənarda məşğul olan) azalması, bu da aqrar sektorda baş verən analoji nəticələrə gətirib çıxarır;
c) dünya ticarətində məhdudiyyətlərin aradan qaldırılması. Bu da beynəlxalq əmək bölgüsünü yaxşılaşdırır.
4. İstehsalın ixtisaslaşdırılmasının inkişafı və milli bazarların artımı ilə müşayiət olunan iqtisadiyyatın miqyaslarının artması.
E,Denison tərəfindən arapılmış təhlil ABŞ-da, Qərbi Avropa ölkələrində və Yaponiyada müharibədən sonra iqtisadi artım templərindəki fərqləri izah etməyə imkan vermişdir. Belə ki, ABŞ-da artım nəinki az (1948-ci ildən 1969-cu ilə qədər Amerika iqtisadiyyatının orta illik artım templəri 3,87% olmuşdur, halbuki bu zaman Qərbi Avropa ölkələrində bu göstərici 4,78%, Yaponiyada isə 8,81% olmuşdur), həmçinin başqa amillərin təsirinin nəticəsi olmuşdur. nəzərdən keçirilən digər ölkələrdən daha artıq burada iqtisadi artım templəri əmək məhsuldarlığına deyil, əmək və kapitalın artmasına əsaslanmışdır. 1970-ci illərdən başlayaraq isə, ABŞ-da əmək məhsuldarlığının artması iqtisadi inkişafa daha az təsir etmişdir, belə ki, cəmiyyət ətraf mühitin qorunmasına və insanın yaşayış yerinə daha çox vəsait ayırmağa başlamışdır.
Qərbi Avropada və Yaponiyada tamamilə başqa vəziyyət idi. Denisonun hesablamalarına görə, Qərbi Avropa ölkələrinin iqtisadiyyatı məhz əmək məhsuldarlığının yüksəlməsi hesabına 2/3 dəfə artmışdı. Bu işdə Avropanın ABŞ-a çatmaqda qəti niyyəti, iqtisadiyyatın strukturunun modernləşdirilməsi və istehsalın fiziki amillərinin yerləşdirilməsi üçün həyata keçirilən tədbirlər də az rol oynamamışdır. Avropa ölkələrində istehsalın artımına ABŞ-da olduğundan da artıq təsir edən amil məcmu sorğunun artımı olmuşdur.
Yaponiyada iqtisadi artım 50% əmək və kapitalın artımı ilə, qalan hissə isə əmək məhsuldarlığının artması ilə şərtləndirilmişdi. Denison Yaponiyada başlıca artım amili olaraq kapital qoyuluşlarını hesab etmişdir. 1948-ci ildən 1969-cu ilə qədər olan dövrdə orta illik 8,81%-in 2,1%-i düşmüşdür. İllik artım templərində texnoloji tərəqqinin payı 1,97%, istehsalın genişlənməsi 1,94%, iqtisadi resursların daha yaxşı yerləşdirilməsi 0,94% təşkil etmişdir. Sonuncu amilin təsiri baxılan dövrdə kənd təsərrüfatının xüsusi çəkisinin 35,6%-dən 14,6%-ə düşməsi sayəsində mümkün olmuşdur.
Sonuncu amilin təsiri kənd təsərrüfatının baxılan dövrdə xüsusi çəkisinin 35,6%-dən 14,6%-ə düşməsi sayəsində mümkün olmuşdur.
Denisonun təhlilində çox maraqlı və məzmunlu nəticələr vardı, aydın və ardıcıl idi, lakin yayılandan sonra ciddi tənqidə məruz qalmışdı. Tədqiqatın başlıca nöqsanı ondan ibarət olmuşdur ki, Denison iqtisadi artıma təsir edən müxtəlif amilləri ayrı-ayrılıqda öyrənirdi, onların qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini isə rədd edirdi.
1970-ci illərdə ABŞ-da və başqa inkişaf etmiş ölkələrdə iqtisadiyyatın artım templəri ləngiməyə başladı. Bu meylin başlıca səbəbi əmək məhsuldarlığının artım templərinin aşağı düşməsi olmuşdur. 1980-1990-cı illərdə onlar bir qədər artmışdı, lakin qabaqcıl ölkələrdən heç biri qərb ədəbiyyatında iqtisadi artımın qızıl əsri kimi nəzərdən keçirilən 1960-cı illərin artım templərinə yaxınlaşmadı. Məhsuldarlığın artım templərinin aşağı düşməsini iqtisadçılar bir sıra səbəblərin təsiri ilə izah edirlər:
• işçi qüvvəsinin cins-yaş strukturunun pisləşməsi (müharibədən sonra doğulan gənclərin xüsusi çəkisinin artımı, həmçinin qismən məşğulların sayının artması);
• ətraf mühitin qorunmasına və cinayətkarlığa qarşı mübarizəyə ayrılan xərclərin artması;
• bu dövrdə neftə olan dünya qiymətlərinin kəskin artması (10-11 dəfə);
• yeniliklərin artım templərinin aşağı düşməsi;
• dövlət tənzimlənməsinin güclənməsi ilə.
Bəzi müəlliflər qeyd edirlər ki, neftin qiymətinin artması ona görə iqtisadi artıma təsir edir ki, mövcud kapitalı qiymətdən salır və yeni investisiyaları istehsal güclərinin genişləndirilməsinə deyil, mövcud kapitalı əvəz etməyə yönəldir. Sözsüz, bu arqument nəzərdən keçirilən dövr üçün ədalətlidir, lakin enerji tutumlu texnologiyalar enerji qoruyucu texnologiyalarla əvəz edildikdən sonra iqtisadiyyatda əks meyil– məhsuldarlığın artım templərinin bir qədər sürətlənməsi müşahidə olunur ki, buna 80-90-cı illər şahidlik edir.
Dövlət tənzimlənməsinin roluna gəldikdə, onun güclənməsi bəzi alimlərin fikrincə, iqtisadi artıma hər yerdə mənfi təsir göstərirdi. Bununla belə, R.Dornbuşun və S.Fişerin ədalətlə qeyd etdikləri kimi, bu hadisəni düzgün şərh etmək lazımdır: məsələn, ətraf mühitin çirkləndirilməsinin azaldılmasına yönəldilmiş dövlət müdaxiləsi ətraf mühitin keyfiyyətini yaxşılaşdırır və millətin sağlamlığını möhkəmləndirir, halbuki ÜDM-in artımında özünü göstərmir.
Keçmiş SSRİ-də üstün ekstensivdən üstün intensiv artıma keçidi 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində həyata keçirmək planlaşdırılmışdı. Mahiyyətcə, bu keçid 80-ci illərin ortalarında başlanmış yenidənqurmanın əsas vəzifəsini təşkil edirdi. 10 və 11-ci beşilliklərdə (1975-1980, 1981-1986-cı illər) ölkədə faktiki olaraq iqtisadi artım dayanmışdı, belə ki, onun ekstensiv amilləri tüuənmişdi (işçi qüvvəsinin axını dayandırılmış, təbii qazıntıların çıxarılması prosesi saxlanmış, müəssisələrin mənfəətləri, dövlətin maliyyə resursları artmırdı və s.).
Ona görə də, SSRİ-də 1985-ci ildə sosial-iqtisadi inkişafın sürətləndirilməsi vəzifəsi elan edilmişdir. Bu vəzifənin həlli iqtisadi inkişafda əsas yük mərkəzini intensiv amillərin üzərinə keçirməyi nəzərdə tuturdu. Bu məqsədlə üç vasitədən istifadə etmək planlaşdırılırdı:
• insan amilini fəallaşdırmaq. Alimlərin fikrinə görə, onun iqtisadi artımdakı payı təxminən 10% təşkil etməli idi;
• artımın 20%-ni təmin etməyə qadir olan təsərrüfat mexanizmi təkmilləşdirmək;
• iqtisadi artımda payı təxminən 70% təşkil edəcək elmi-texniki tərəqqinin templərini sürətləndirmək.
SSRİ-də insan amilinin fəallaşdırılması əvvəlcə bütün səviyyələrdə - əmək kollektivlərindən tutmuş ümumdövlət səviyyələrdə təşviqat tədbirlərindən istifadə etməklə həyata keçirilirdi. Sonradan məlum oldu ki, maddi stimulları fəallaşdırmaq lazımdır, ona görə də iqtisadi artımın ikinci tərkib hissəsi – təsərrüfat mexanizminin təkmilləşdirilməsinə diqqət yetirildi.
İqtisad elmində nəzəri müzakirələr genişləndi, istehsalatda təsərrüfat eksperimentləri aparmağa başladılar. Nəticədə hamı tərəfindən qəbul edildi ki, təsərrüfat mexanizminin yenidən qurulmasının başlıca istiqamətlərindən biri istehsalın təşkilinin icarə metodu olmalıdır. İcarə iqtisadiyyatın dövlətsizləşdirilməsi demək idi, əmək kollektivlərinə geniş iqtisadi azadlıqlar verirdi: istehsal vasitələrinə dövlətin hüquqları saxlanmaqla əmək kollektivləri istehsal etdikləri məhsulların tamhüquqlu mülkiyyətçiləri olurdu. Onlar sərbəst olaraq qiymətlər, malların tədarükünün müddətləri və həcmləri barədə tərəfdaşları ilə müqavilələr bağlaya bilərdi ki, bu da prinsipcə yeni təsərrüfatçılıq tipi – bazar mexanizminin formalaşması və inkişafı üçün real əsas yaradırdı.
Lakin icarə təsərrüfatçılıq metodu və bazara keçid üsulu kimi öz üstünlüklərini həyata keçirə bilmədi, belə ki, 90-cı illərin əvvəllərində SSRİ-də, sonra isə o dağıldıqdan sonra Azərbaycanda dövlət mülkiyyətinin tam özəlləşdirilməsi kursu götürüldü. Özəlləşdirmənin sürətli templəri və onun aparılmasının vauçer (pulsuz) forması iqtisadiyyat və cəmiyyət üçün bir sıra destruktiv nəticələr verdi: əsas və dövriyyə kapitallarından istifadənin səmərəliliyi aşağı düşdü, milli təsərrüfatın makroiqtisadi idarə edilməsi itdi, investisiyalar kəskin aşağı düşdü, istehsal tənəzzülə uğradı.
Beləliklə, 90-cı illərin əvvəllərində Rusiya bazar islahatlarına yoluna qədəm qoymuşdur, ölkədə iqtisadi artım nöqteyi nəzərindən vakuum yaranmışdı – ekstensiv artım amilləri tamamilə tükənmiş, intensiv artım amilləri isə hələ hazır deyildi. Bundan başqa, onu da nəzərə almaq lazımdır ki, keçmişdə əsasən ekstensiv artım amillərinin istismarı ölkəyə yeni şəraitdə təsərrüfatçılıq üçün obyektiv və subyektiv zəmin hazırlamağa imkan verməmişdi. Məsələ burasındadır ki, ekstensiv artım tipi nəinki plyuslara (müəyyən hədlərə qədər ucuz və sadə artım), həm də minuslara malikdir:
• ona texniki durğunluq xasdır, belə ki, məhsul buraxılışının kəmiyyətcə artması texniki-iqtisadi tərəqqi ilə müşayiət olunmur;
• əksər hallarda istehsal artımı məsrəfli xarakter alır. Bu onu göstərir ki, iqtisadi artım templəri istehsala iqtisadi resursların cəlb edilməsindən geri qalır. Qərb mütəxəssislərinin fikrincə, Rusiya ABŞ və başqa inkişaf etmiş ölkələrdən fərqli olaraq, məhsul vahidinə 2-3 dəfə artıq xammal, material və enerji sərf etmişdir. Ekstensiv artımın nəticəsi budur.
İntensiv artım modeli bir sıra yeni xarakteristikalara malikdir, öz xüsusiyyətləri və üstünlükləri vardır:
• bu, iqtisadi artımın daha mürəkkəb tipidir, belə ki, burada elmi-texniki tərəqqi həlledici rol oynamağa başlayır. Deməli, bu model məhsuldar qüvvələrin, texnikanın, texnologiyaların yüksək inkişaf səviyyəsini, işçilərin yüksək təhsil və peşə səviyyəsini nəzərdə tutur.
• Məhz bu artım tipi məhdud resurslar problemini aradan qaldırmağa imkan verir. Bu isə o deməkdir ki, bu tipdə iqtisadi artımın daha mühüm mənbələrindən biri resurs qoruyuculuğudur ki, bu da cəmiyyətə resurs artımından daha ucuz başa gəlir. Məsələn, 1 ton şərti yanacağa (7 min kilokalori) qənaət etmək üçün yanacaq çıxarılmasını 1 ton artırmaqdan 3-4 dəfə az xərc tələb olunur.
Lakin intensiv artım tipinə keçid asan iş deyil. İqtisadiyyatın strukturunun mütərəqqi yenidən qurulması, elmi tutumlu sahələrin xüsusi çəkisinin yüksəldilməsi, işçi qüvvəsinin hazırlığı, istehsal amillərinin yerdəyişməsi zamanı mobillik və s. tələb olunur. Ona görə də bazar islahatları yolu ilə hərəkət iqtisadi artımın intensivləşdirilməsi şərtlərindən biridir. |